Bakı, Azərbaycan, 17 Basti Baghirova

Həftə içi hər gün: 9:00 - 18:00

K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu 1925-ci ildə 200 çarpayılıq uşaq xəstəxanasının bazasında təşkil olunmuş, 1927-ci ildə yenidən qurularaq Ana və Uşaqları müafizə institutuna çevrilmişdir. İnstitutun ilk direktoru və təşkilatçısı həkim-pediatr Yevsey Yakovleviç Gindes olmuşdur. Y.Y.Gindes 1897-ci ildə Kiyev universitetinin tibb fakültəsini bitirdikdən sonra 1905-ci ilədək Kiyev uşaq klinikasında professor Çernovun yanında işləmişdir.

1905-ci ildə Gindes Bakıya gələrək Qaraşəhər xəstəxanasının uşaq şöbəsinin müdiri seçilmişdir. 1918-1922-ci illərdə Y.Y.Gindes Bakı uşaq xəstəxanasının baş həkimi olmuşdur. Elə həmin xəstəxananın bazasında da Azərbaycan SSR Xalq Səhiyyə Komissarlığının Ana və Uşaqları Mühafizə İnstitutu təşkil olunmuşdur ki, Y.Y.Gindes də 1930-cu ilə qədər həmin institutun direktoru olmaqla, eyni zamanda uşaqların sağlamlığının qorunması şöbəsinin müdiri vəzifəsində çalışmışdır. O, uşaq müalicə-profilaktika müəssisələrinin təşkilində həkim kimi aktiv iştirak edirdi. Uşaqlara qulluq edən tibb bacıları üçün Azərbaycan dilində dərc olunan ilk rəhbər kitab, eləcə də kəndli analar üçün populyar kitabça məhz ona məxsusdur. Gündəlik əməli həkimlik fəaliyyəti ilə yanaşı o, 80-ə qədər elmi əsər çap etmişdir, yeni kadrların hazırlanmasına çoxlu güc və enerji sərf etmişdir. Y.Y.Gindes inqilabdan əvvəlki Rusiyada öz fəaliyyətinə başlayan və uşaqların sağlamlığının qorunması üçün öz səsini ucaldan yaşlı ziyalıların ən görkəmli nümayəndələrindən biri olmuşdur.